Azərbaycanda mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi planlaşdırılır.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Milli Strategiyaya əsasən, milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, eləcə də bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi də e-təhsil sahəsində prioritetlər sırasındadır.
Eyni zamanda, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili, İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi, vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi, İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi həyata keçiriləcək tədbirlərə daxildir.